Dünyanın hər hansı bir yerində baş verən bir məsələ bir neçə saniyədə bizə çatır. Güclü və təsirli bir üsulla-sosial media vasitəsilə. Siyasət, şou-biznes, idmana qədər hər mövzuda sosial mediadan sözünü çatdıra bilmək, bir mövzuya diqqət çəkə bilmək, bilinməyən bir mövzunu geniş tanıtmaq mümkündür. Sosial media düzgün və yerində istifadə edildikdə cəmiyyətin inkişafı üçün ən mükəmməl vasitə olar.
Sosial medianı nifrət, kin, radikal anlayışlar üçün istifadə edənlər, əlbəttə ki, vardır. Lakin bu məqalənin mövzusu nifrətsevər insanlardan çox, vicdanı azca da olsa oyaq olan insanlarla əlaqədardır, sosial medianı oyanış vasitəsi olaraq istifadə edən, amma bunda əzm göstərə bilməyənlərlə əlaqədardır.
Xatırlasaq, 2014-cü ilin aprel ayında Nigeriyada “Boko Haram” terror təşkilatı 200-dən çox qızı qaçırmışdı. Mişel Obamanın bu məsələ ilə xüsusilə maraqlanması bu mövzunu sosial medianın gündəminə gətirmişdi. Bütün dünya ayağa qalxdı, siyasətçilər bu haqda geniş danışdı, bu mövzuda bir çox köşə yazıları yazıldı. İnsanlar gecə-gündüz gənc qızların qaytarılması üçün səslərini sosial mediadan eşitdirməyə çalışdılar. Aradan təxminən üç ay keçdi, gənc qızların 54-ün qaçıb xilas olması yalnız kiçik bir xəbər olaraq yayımlandı. Digər yüzlərlə gənc qız isə son dövrlərdə İŞİD-ə bağlılığını açıqlayan “Boko Haram”ın hələ də əsirliyindədir. Lakin bu hadisə bir çox insan üçün populyarlığını itirən bir xəbərə çevrildi. Bu barədə artıq demək olar ki, bəhs edən də yoxdur.
Ötən il Banqladeşdə edam edilən İslam Camaatının lideri Əbdülqadir Mollanı xatırlayın. Edamın ləğvi üçün bütün dünyaya sosial media vasitəsilə səs salınmışdı. Bu reaksiyaya görə Əbdülqadir Mollanın edamı təxirə salındı, amma sosial mediada səslər azalmağa başlayanda cəsarət toplayan səlahiyyətli şəxslər bu yaşlı insanı edam etdilər. Edamdan çox da keçmədi ki, sanki Banqladeşdə bu çirkin sistem sona çatmış kimi hər kəs öz işinə geri qayıtdı. Hazırda hələ də eyni cəmiyyətdə daha 14 adamın edama məhkum edilməsi məsələsi heç kəsi maraqlanmır. Hüquq sistemi süqut edən dövlətdə yaşamaq hüququ əllərindən alınan bu insanlar da digərləri kimi unudulub getdi.
Müsəlmanlar küçələrdə diri-diri yandırılmağa başladıqda Mərkəzi Afrika Respublikası (MAR) yenə sosial medianın ən çox müzakirə edilən mövzusu idi. Hazırda kiminsə mövzudan bəhs etməməsi sizi təəccübləndirməsin. 23-cü Afrika sammitində reallaşdırılmağa çalışılan sülh danışıqlarına baxmayaraq, bu ayın əvvəlində daha 70 müsəlman qətl edildi və bir həftə ərzində 14 min adam qonşu ölkələrə sığınmaq məcburiyyətində qaldı. MAR sosial mediada unudulmuş vəziyyətdədir. Oradakı məzlumlar daxili münaqişələrin tam mərkəzində zülm altında yaşamağa davam edirlər.
Ən böyük faciələrin baş verdiyi Suriyada ölümlər artıq yalnız statistika əsasında verilməyə başlamışdır. Suriya mövzusunda səsini eşitdirməyə və həll yolu tapmağa çalışan qrupların sayı artıq çox azdır. Əsas xəbər lentində arabir dağıntıdan xilas edilən körpələr göstərilir, sosial mediada isə yalnız aylıq statistikalar paylaşılır. Ramazan ayının başlamasından bəri yalnızca Hələb şəhərinə 273 barrel bombası atılmışdır, sizcə bundan nə qədər insanın xəbəri var?
Bu faciəni on illərlə yaşayan Araqan müsəlmanları kimi cəmiyyətlər üçün vəziyyət isə hələ də eynidir. 2011-ci ildə Myanmanın xarici siyasətlə bağlı rejimin yarı vətəndaş idarəçiliyinə keçməsi ilə Araqan müsəlmanları həqiqətini görə bilmişdik. Dünya 2012-ci ildəki qırğınlardan bu vasitə ilə xəbərdar olmuş, araqanlılara tətbiq olunan vəhşiliyə və soyqırıma heyrət içərisində şahid olmuşdu. Araqan barədə sosial mediada şübhəsiz ki, maarifləndirmə yaratmağa çalışanlar da vardır. Lakin bu səylərə cavab verən, əzmlə o insanlara sahib çıxan böyük birliklər hələ də yoxdur. Buna görə də həmin torpaqlarda vəziyyət dəyişmədi. Araqan müsəlmanları hələ də yurdsuz-yuvasız, hüquqlarından məhrum edilmiş vəziyyətdə və zülm altındadırlar. ASEAN-ın (“Association of Southeast Asian Nations”-Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) böyük ölkələri, müsəlman cəmiyyəti və super üstün güclər isə səssiz qalmağa hələ də davam edirlər.
Bu siyahı, şübhəsiz ki, sadəcə bunlarla məhdud deyil. Nə İraqda, nə illərlə aclıq QİÇS və son dövrlərdə ebola ilə mübarizə aparan Afrikada, nə də hücumlara məruz qalan Pakistan, Əfqanıstan və Yəməndə vəziyyət dəyişməmişdir. Dəyişən yalnızca sosial mediadakı insanların marağıdır. Vəhşiliyə, zülmə, haqsızlığa cavab yalnız bir neçə saat və ya bir neçə gün olmamalıdır, xüsusən də zülm davam edərkən, hətta şiddətlənərkən.
"Mənim cəhd etməyimdən heç nə olmaz" deyə düşünənlər yanılırlar. Dövlətlərin, hökumətlərin vicdanla hərəkət etməyib, ittifaq halında birləşə bilməyib, həll yolu tapa bilmədikləri mövzularda xalqın səsi daha güclü çıxmalıdır. Yekdil olaraq birləşən xalq NATO-nun, BMT-nin gücündən daha çox səs salan, daha təsirli güc meydana gətirə bilərlər. Susqunluq insanı- o istəməsə də - zülmə şərik edər. Əksəriyyətin səsi həm edilən zülmlərin gizlədilməsinə əngəl olar, həm də dua olar. Lakin bu səs dünyadakı hər zülm üçün güclü çıxmalı və davamlı olmalıdır. İlk eşidəndə vicdanımızı sızladan mövzular üstündən vaxt keçdikcə vərdiş halına gəlməməlidir. Orta Şərq və Afrikanı qan gölü, ölümləri də yalnızca statistika kimi gördüyümüz zehniyyətdən xilas olduğumuz, hər zülm olunan can üçün məsul olduğumuzu hiss etdiyimiz zaman hərəkətə keçə bilər, təsirli və sözükeçən ola bilərik. Bu mövzuda səbirli, təmkinli olmalı və fəaliyyətimizdə davamlı olmalıyıq. Dünyaya yaydığımız bir səs bir gün mövcud sistemlərin dəyişməsinə yol aça bilər. Bunun bir dua olduğunu heç kim unutulmamalıdır, Allah dilərsə, mütləq olar.
Cənab Adnan Oktarın "Arab News"də yayımlanan məqaləsi: