Allaha iman gətirdiyini deyən, amma güclü imana sahib olmayan və bəzən tərəddüdlər içində olan bir çox insan var. Bu insanlar həyatları boyunca həmişə nələrinsə çatışmadığını hiss edirlər, bu səbəbdən sıxıntılı, bədbəxt və narahat ruh halında olur və bu vəziyyətdən xilas ola bilmirlər. Üstəlik, bu çətinliklərinin mənbəyini də tapa bilmirlər. Dünyanın ən zəngin, gözəl, məşhur və ya uğurlu insanları olsalar belə, bu əzablı həyat onların yaxasını buraxmır. Həmişə qarşılarına tərsliklər çıxır. Xoşbəxtlikləri isə həmişə səthi olur.
Bu mənəvi sıxıntının və çətin həyatın səbəbi Qurandan uzaq olmaq, Qurana uyğun yaşamamaqdır. Allah Quran vasitəsilə bizlərə insanların nə üçün və necə yaradıldıqlarını, dünya və axirətə dair məlumatları və daha bir çox mövzunu bildirmiş, həmçinin bizə Özünü tanıtmışdır. Cənnəti qazana bilmək üçün necə yaşamalı olduğumuzu və ibadət qaydalarını da Quranla bizə öyrətmişdir. İnsana həyatı boyu lazım olan bütün məlumatlar Quranda bildirilmişdir. Quran şirksiz imana sahib olmaq istəyən insanın nə etməli olduğunu da çox açıq şəkildə izah edir.
Allahın heç vaxt bağışlamayacağını bildirdiyi böyük günah olan şirk güc, qüvvət, var-dövlət, gözəllik kimi xüsusiyyətləri Allahdan başqa hər hansı bir varlığa aid etmək deməkdir. Bitkiləri, meyvələri, heyvanları və cürbəcür nemətləri hər an yaradan Allahdır. Kainatdakı mükəmməl nizamı hər an qoruyan Allahdır. Belə olduğu halda, şərik qoşmaq Allaha olan sevgi və hörmətə yaraşmaz. Sonsuz güc sahibi olan Allah ən çox sevilməyə layiq olandır. Sevgini, diqqəti tamamilə Allaha yönəltmək lazımdır.
Hər şeyi Allahın yaratdığını düşünmək və bunun şüurunda olaraq danışmaq nə üçün vacibdir?
Şirk Allahın bəyənmədiyi və möminləri çəkindirdiyi təhlükədir. Bundan tam xilas olmağın yolu istisnasız hər şeyi Allahın yaratdığını unutmamaq, hadisələrin (haşa) Allahdan asılı olmadığını düşünməməkdir.
Bunu daha yaxşı dərk etmək üçün gündəlik həyatdan nümunələr üzərində düşünmək lazımdır. Məsələn, insan danışdığı zaman, "Məni danışdıran yalnız Allahdır. Allah icazə verdiyi üçün danışıram, əks təqdirdə, bir cümlə belə qura bilmərəm" deyə düşünərək Allahın gücünü, Onun hər şeyin üzərindəki nəzarət və hakimiyyətini daha yaxşı anlaya bilər. Yemək yeyərkən, “Mənə bu nemətləri verən, məni yedirdən və içirdən yeganə varlıq Allahdır. Allah verdiyi üçün bu nemətlərə sahibəm, əks təqdirdə, bunların heç birini əldə edə bilməzdim" deyərək yediklərinin, içdiklərinin təsadüfən yaranmadığını, hər cür neməti özünə nəsib edənin Allah olduğunu çox yaxşı qavramış olar.
Şərik qoşmadan birbaşa Allaha yönəlmək gözəllikdir, bərəkətdir. Gün ərzində qarşısına çıxan hər nemətin, hər şeyin Allah tərəfindən yaradıldığını, məsələn, gözlədiyi gözəl xəbəri ona çatdıranın Allah olduğunu, xoşuna gələn bir mahnıya qulaq asdıqda onun musiqisinin və sözlərinin Allahın ilhamı ilə ortaya çıxdığını, bu səbəbdən mahnının, əslində, Allaha aid olduğunu unutmayan insan şirkdən uzaqlaşar. İnsan ailəsini, dostlarını, yaxınlarını, bütün sevdiklərini, eləcə də təbiəti, bitkiləri, rəngarəng çiçəkləri, heyvanları Allahın yaratdığını tez-tez düşünərsə, hər yerdə Allahın təzahürlərini görməyə başlayar, Onu dərin sevməyi öyrənər və böyük sürprizlərlə qarşılaşaraq həyatın ən mühüm sirlərinə yiyələnməyə başlayar.
Allaha şərik qoşmamaq və Onu dərin eşqlə sevmək bir insana daha əvvəl heç bilmədiyi sirlərin qapısını açar. Başqaları dünya hərisliyinə qapılıb mal-mülk, nüfuz, şan-şöhrət ardınca gedərkən, o, Allahın özünə açdığı sirr aləmində mənəviyyatını və dərinliyini artırmağa başlayar. Allahın şirkdən təmizlənmiş səmimi qullarına nəsib etdiyi güclü iman, ağıl, nur, heybət, gözəllik, təmizlik, güvən bu mənəvi aləmin sirlərindən bəziləridir.
Firavan həyat, yoxsa mənəvi gözəlliklərdən uzaq sıxıntılı həyat?
Şirkdən təmizlənmiş imanla Allaha yaxınlaşmağa çalışan səmimi insanlar dünyadakı bir çox insandan fərqli olaraq çox rahat yaşayırlar. Qarşılaşdıqları heç bir hadisədə kədərlənmir və ümidsizliyə qapılmırlar. Həyatları həmişə sevinc, xoşbəxtlik içində keçir. Yeməyə bir boşqab yeməkləri, geyinməyə təkcə bir paltarları olsa belə, özlərini dünyanın ən zəngin insanı hesab edərlər. Gözlərindən biri olmasa, digəri olduğu üçün şükür edərlər. Hər iki gözlərini də itirsələr, eşidən qulaqları olduğu üçün sevinərlər. Hər şəraitdə hallarına şükür edər, hansı çətinliklə qarşılaşırlarsa, Allahdan razı qalarlar.
İnsanların bir qismi isə bu üstün əxlaq xüsusiyyətlərindən və mənəvi gözəlliklərdən məhrumdur. Bir çoxu dərin qəflət içindədir. Hər canlı və ya cansız varlığı idarə edənin Allah olduğunu bilmir və ya bildikləri halda, bu reallığı düşünmədən yaşayırlar. Nəticədə hər şeydən qorxurlar. Heç nədən razı olmurlar. Onlar Allahdan qorxmaq, Ona yönəlmək və Onun üçün yaşamaq varkən, Allahdan başqalarını tanrı kimi qəbul edib, onlardan qorxub çəkinir, onların razılığını Allahın razılığından üstün tutur, dünya malına çox əhəmiyyət verir, mallarına zərər gəlsə, dəhşətə qapılır, dünyəvi maraqlarını (haşa) Allahdan və dindən üstün tuturlar. Prioritetləri hər zaman dünyadır. Bu səbəbdən hamı sanki «tikan üstündə oturur», qəlblərində daimi narahatçılıq hiss edirlər. Heç vaxt həqiqi səadəti və rahatlığı tapa bilmirlər. Çünki Allah həqiqi mənada xoşbəxtlik, sevinc və qəlb rahatlığını Ona bağlanan və Onun razılığı üçün yaşayan insanlara verir.
Allah insanları müstəqil düşünüb yaşayacaqları şəkildə yaratmışdır. Şirk olduqda isə xəstə ruh halı yaranmağa başlayır. Özünəqapalı, qorxu içində yaşayan, hər şeydən şübhələnən, heç kəsi sevməyən, incəsənətdən anlamayan bu ruh halı şirkin gətirdiyi bəlaların nəticəsidir. İman gətirən insan isə dünya həyatında ona verilən zamanı ən səmimi imanla keçirmək istəyər, hər zaman şən, keyfiyyətli, müasir, həyat dolu olar. Şirkdən təmizlənmiş dərin imanın ona qazandıracağı mənəvi hədiyyələri Allahdan həyəcanla istəyər. Bir sözlə, müsəlmanlar şirk kimi böyük günahı etməməli, həyatlarının hər anında təkcə Allaha yönəlməli və Ona heç bir şeyi şərik qoşmamalıdırlar.