“Discovery Science” TV kanalında üzvi molekulların mənbəyi kimi kosmos göstərilərkən, həyatın mənbəyinin də başqa planetlər ola biləcəyi iddiasına yer verilib. Bu məqaləmizdə həmin kimyəvi maddələrin mövcudluğunun həyat mənasına gəlməyəcəyi üzərində dayanacaq, həyatın mənşəyini açıqlamaqdan uzaq olan təkamülə dair daha bir yanlışı bildirəcəyik.
Kosmosda şəkərə bənzəyən kimyəvi maddələrin tapılması nə deməkdir?
Kimyəvi maddələr kainatın hər yerində meydana gələ bilər. Xüsusilə böyük ulduzlar və dumanlıqlar ağır metalların əmələ gəldiyi yüksək enerjiyə malik əlverişli mühitlərdir. Kosmosda toz və qaz buludları da mövcuddur. Bu qazlar da müxtəlif kimyəvi birləşmələrin əmələ gəldiyi, atomların bir-biri ilə müxtəlif birləşmələr meydana gətirdiyi reaksiya mühitləri olaraq qarşımıza çıxırlar. Təkamülçülər "həyat kosmosdan gəlib" iddiasına əsas olaraq bu faktdan istifadə edirlər.
Yüksək enerjili ulduzlar və dumanlıqlar canlıları da təşkil edən molekulların təbii mənbəyidir. Bu molekulların meteor və kometlərlə Yer kürəsinə daşınması isə təbii prosesdir. 1969-cu ildə Avstraliyaya düşən Murçison meteoriti tədqiq edildikdə üzərində bir çox kimyəvi maddə müəyyən edilib. Bunlar arasında şəkərə bənzər sadə kimyəvi maddələr də tapılıb. Ancaq poliol kimi səciyyələndirilən bu kimyəvi maddələr canlı orqanizmlərin varlığına işarə etmir. Poliol kimyəvi maddələri "şəkər spirtləri" adlansalar da, şəkər və ya spirt ehtiva etmirlər.
Murçison meteoru üzərində araşdırmalar aparan dr. Corc Kuper (George Cooper) və həmkarları kiçik şəkər molekulu olan dihidroksiaseton ilə birlikdə yağ molekulu kimi tanınan qliserola da rast gəlmişdir.1 Ancaq bunların canlı orqanizmlərə işarə etdiyini iddia etmək olmaz. Çünki bu sadə molekulların formaldehiddən qeyri-üzvi olaraq sintezlənə biləcəyi 1861-ci ildə Aleksandr Butlerov tərəfindən göstərilmişdir.2
Planetlərarası boşluqda formaldehid buludlarının olması astronomik tapıntıdır. “Butlerov reaksiyası” adlandırılan bir mexanizmə görə, kosmosda yüksək enerjili formaldehiddən ibarət molekulyar qaz buludları bir əsas və metal atomu ilə kataliz edildikdə həmin şəkərə bənzər molekullar əmələ gələ bilir.
Canlılar üçün zəhərli qaz olan formaldehid isə həyat mənşəli deyil. Formaldehid üzvi molekul adlandırılsa da, kosmosda olan karbon monoksidli buzların hidrogen atomları ilə reaksiyaya girməsi nəticəsində ortaya çıxan zəhərli kimyəvi maddədir.
H + CO → HCO, HCO + H → CH2O
Butlerov reaksiyasında ilk olaraq 2 formaldehid molekulu cəmləşərək qlikolaldehid meydana gətirir, (1) sonra aldol reaksiyası ilə qliseraldehid meydana gəlir (2). Aldoza-ketoza izomerizasiyası ilə 2 dihidroksiaseton (3), bu da 1-ci pillə ilə qarşılıqlı reaksiyaya girərək ribuloza (4), sonra yenə təkrar izomerizasiya ilə riboza (5) meydana gətirir. 3 nömrəli molekul formaldehid ilə yenidən reaksiyaya girərək tetruloza (6) və daha sonra da aldol-tetroza (7) meydana gətirir.
Göründüyü kimi, sözügedən molekullar canlıların olmadığı, cansız vəziyyətdə molekulların bir-birləri ilə elektron mübadiləsi nəticəsində ortaya çıxan qeyri-üzvi, yəni cansız birləşmələrdir. Bunların arasında riboza şəkəri də var. Hansı ki, bu hal məhz canlılarda RNT-nin quruluşunda da var deyə "RNT kosmosdan gəlib" deyə şərh oluna bilməz.
Təbii ki, digər ulduzlar və qalaktikalar yer üzündəki bir çox kimyəvi tərkibin mənbəyidir. Lakin planetimiz digər göy cisimlərindən fərqli olaraq bu cansız molekulların canlı orqanizmlər arasında həyat tapdığı xüsusi yerdir.
Meteoritdə amin turşularının olması nə deməkdir?
Murçison meteoru başqa bir maraqlı kəşfə də imkan yaratdı. Bu meteoritin tərkibində müxtəlif amin turşularlarına da rast gəlindi. Amma bu heç də təəccüblü gəlməməlidir. Çünki meteoritin tərkibindəki amin turşuları laboratoriya şəraitində qeyri-üzvi molekulların reaksiya girməsi ilə əldə edilən amin turşuları ilə eynidir. Xüsusi qapalı vakuum şəraitində metan, azot, su və ammonyak molekullarına elektrik verildikdə əmələ gələn bütün kimyəvi maddələr eyni şəkildə bu meteorda da mövcuddur. Belə ki, həm meteordakı, həm də laboratoriyada əldə edilən turşu qarışığı rasemik qarışıq olub, eyni miqdarda sağ və sol əlli amin turşularından ibarətdir.4 Canlıların quruluşu məhz sol əlli amin turşularının varlığını şərt qoşduğuna görə sözügedən amin turşularının canlı orqanizmlər tərəfindən istifadə edilməsi qeyri-mümkündür.
Bundan başqa daha da vacib bir məqam var ki, təkcə amin turşularının varlığı həyat mənasına gəlmir. Turşular nano-maşın olan zülalların təməl maddəsi olan kimyəvi maddələrdir. Canlı orqanizmlərdə bu amin turşuları da öz aralarında seçimə tabedirlər. Zülalların hasil edilməsində istifadə olunan amin turşuları hər zaman sol əlli olmalıdır. Canlı orqanizmlər arasında sağ əlli amin turşularına qətiyyən yer yoxdur. Zülalların inşası bu baxımdan yanlışlıq qəbul etmir. Zülallarda istifadə edilən amin turşularının yalnız sol əlli olması bu gün hələ də tam olaraq aydın olmayan çox həssas atomik incəlikdir. Bununla yanaşı, bir zülalın istehsalı yüz ayrı zülalın varlığına bağlıdır. Bu zülalların köməyi olmadan amin turşularının birləşib zülalları təşkil etməsi imkansızdır. Zülal hasilatı üçün DNT-dəki şifrə və bir zavod kimi ribosom olmalıdır. Ribosom onsuz da böyük ölçüdə zülal və RNT-dən təşkil olunur. Beləliklə, zülalları təşkil edən zavodun da zülallardan əmələ gəlməsi faktı darvinistlərin meteor nəzəriyyəsini tamamilə alt-üst edir. Ribosomdakı zülal hasilatı zamanı amin turşuları genetik şifrlərlə müəyyən olunmuş ardıcıllığa görə seçilib bir-birilərinə birləşirlər. Nəticə etibarilə DNT-si, zülalları və bütün orqanoidləri ilə tam və qüsursuz hüceyrə olmadan həyatdan danışmaq mümkün deyil.
Bir amin turşusu molekulunun meteorla Yer kürəsinə gəldiyi fərz edilsə belə, bu molekul ətrafdakı şəkər molekulları və çox dağıdıcı xüsusiyyətdəki sərbəst radikallara birləşərək məhv olacaq.
Hüceyrədən əvvəl "proto-hüceyrə" iddiası
Təkamülçülər də fərqindədirlər ki, amin turşularını bir-biri ilə birləşdirən peptid rabitələri Günəşdən gələn ultrabənövşəyi şüalarına məruz qalmamalıdır. Bunun üçün darvinistlər xəyali ilk nümunəvi hüceyrənin Günəşdən uzaq, müdafiə olunan, amma kifayət qədər də enerji ehtiva edən şəraitdə yarandığını uydururlar. Bu səbəbdən okeanların dərinliklərindəki geotermal su mənbələrinin əlverişli şərait olduğuna inanırlar. Digər bir izahda isə hüceyrələr üçün qorunaqlı mühit olaraq səthdə olan, Günəşdən uzaq olub kölgədə qalmış geotermal qaya hovuzları təsvir edilir. Bu uydurmaya görə "müstəqil yağ molekulları" birləşərək qabarcıqlar meydana gətirmş, beləliklə, ilk "proto-hüceyrələr" yaranmışdır.
Ancaq burada unudulan -ya da qəsdən diqqətdən qaçırılan- çox mühüm həqiqət var. Yağ molekullarının mənbəyi hər zaman ancaq və ancaq canlı hüceyrədir. Yağ təbiətdə öz başına meydana gəlmir, yalnız canlı hüceyrədəki zülallar tərəfindən istehsal oluna bilər. Hüceyrə qılafını təşkil edən fosfolipidlər, hüceyrədə endoplazmatik şəbəkəyə bitişik vəziyyətdəki sitozol orqanoidində istehsal olunur. İstehsalı üçün isə onlarla xüsusi zülala ehtiyac var. Bunlardan bəziləri GPAT və LPAAT asil-transferazaları, fosfataza, xolin fosfotransferaza, flippaza və floppazadır. Yer kürəsindəki yağ molekullarının mənbəyi ilk olaraq dəniz yosunları, daha sonra quru bitkiləri olmuşdur. Yağ molekullarını qeyri-üzvi, sadə kimyəvi maddələr kimi qiymətləndirmək çox yanlış olar. Göründüyü kimi, yağ molekulları üçün də əvvəlcə zülallara və zülalların fəaliyyət göstərə biləcəyi canlı hüceyrəsinə ehtiyac var.
“Həyat kosmosdan gəlib” iddiası
Xəyali təkamül mexanizmlərinin əsassız olduğu bir-bir ortaya çıxdıqca təkamülçülər çarəni çox uzaqlarda, kosmosda axtarırlar. "Həyat ilk dəfə kosmosda başladı" ritorikası "həyatın öz-özünə başladığı" yalanının elmi olaraq təkzib edilməsilə əl atılan başqa yalandır, dəlillərə və ya tapıntılara əsaslanan açıqlama deyil. Darvinistlər "panspermiya" adlandırdığı bu iddia ilk hüceyrələrin açıq kosmosdan gəldiyini, "kosmoslu avtostopçular" adlandırılan meteoritlərin yer səthini bu orqanizmlərlə bombardman etdiyini izah edirlər. Yenə bu nağıla əsasən, həyat əvvəlcə Marsda başlamış, Marsın səthinə enən şiddətli zərbə içi mikrobla dolu süxurları kosmosa atmış, o süxurlar da meteorlar şəklində canlı həyatı Yer kürəsinə daşımışdır!
Meteorlarla həyatın dünyaya daşındığı nağılının heç bir elmi dəyər daşımadığını əvvəlki başlıq altında izah etmişdik. Bundan başqa, bizim darvinistlərdən gözlədiyimiz başqa elmi cavab və izahlar var. Biz təkamülçü alimlərdən cansız kimyəvi maddələri.n kainatın harasında olursa olsun, hansı mexanizmlə canlandığını dəlilləri ilə sübut etmələrini gözləyirik. Ancaq buna dair hər hansı elmi açıqlama verilmir. Onsuz da verilməsi mümkün deyil. Bu cür bəyanatlar yalnız təkamülçülərin təxəyyül gücünü göstərir. Müşahidə və eksperimentə əsaslanmalı olduğu halda, elmdən uzaq olan bu iddialar ancaq vaxt qazanma məqsədi daşıyıb, süqut edən təkamül nəzəriyyəsini dirçəltmək cəhdidir. Bunlar əyləncəli nağıldan başqa bir şey deyil.
Sənədli filmin son hissəsində isə belə etirafa yer verilmişdir:
"Həyatın Marsda da ilk dəfə necə ortaya çıxdığını bilmirik, yəni ilk sual yenə də cavabsız qalır. Həyat necə başladı? Hazırda həyatın kosmosdan gəldiyini, yoxsa dünya okeanlarının dərinliklərində başladığını bilmirik".
NƏTİCƏ
Həyat ancaq həyatdan gəlir. Cansız maddələr milyonlarla il keçsə də, öz-özlərinə birləşib canlı hüceyrə meydana gətirə bilməzlər. Yer kürəsində isə bu kimyəvi birləşmələrə can verilib. Həyat atomları və molekulları hərəkət etdirib idarə edən, sonsuz güc sahibi uca Allahın yaratması ilə meydana gəlir. Bu həqiqəti görməyi rədd edən darvinistləri öz gülünc açıqlamaları daim alçaldacaq.
Rəbbimiz ayələrdə bu şəkildə bildirir:
Göyləri və yeri yaradan, zülmətləri və nuru var edən Allaha həmd olsun! (Bu dəlillərdən) sonra kafir olanlar hələ də (bütləri) öz Rəbbinə tay tuturlar. Sizi palçıqdan yaradan, sonra da əcəlinizi təyin edən Odur. Onun dərgahında bəlli bir əcəl vardır. (Bunu bildikdən) sonra siz yenə də şübhə edirsiniz. (Ənam surəsi, 1-2)
Mənbə: