Heç kim terrorist doğulmur. Terrorizm ideologiyadır. İnsanlar yanlış fikirlərlə bəslənib bunu ideala çevirdikləri üçün nifrət, kin bəsləməyə başlayırlar. Buna elə inanırlar ki, inancları uğrunda ölməyə və öldürülməyə belə hazır olurlar.
90-cı illərin əvvələrindən özünü göstərən və 2000-ci illərdən sonra güclənən radikal terror hərəkətlərinin mahiyyəti ilk mərhələdə o qədər də bilinmirdi. Taliban, Əl-Qaidə və digər terror təşkilatları özlərini müəyyən qədər hiss etdirirdilər, amma Qərb baxımından bu, azlıq idi, gəlib-keçici idi. ABŞ Əfqanıstan və Pakistandakı radikal terrora vərdiş edilmiş üsulla – bomba ilə cavab verdi. Bunu İraq izlədi. Yaxın Şərqdə şiddət artdıqca, Qərb müdaxilə edib, silahla cavab verdikcə, vəziyyət dəyişdi. Qarşısıalınmaz radikal qruplar dövlət, ordu və torpaq sahibi oldular. Radikal terror Yaxın Şərqdən çıxıb Qərbi təhdid altına salan vəziyyətə gəlib. Dünyanın demək olar ki, hər ölkəsindən terror təşkilatlarına qatılanlar olur, Qərb ölkələri öz vətəndaşlarının belə qarşısını ala bilmir.
ABŞ nə qədər bomba, silah-sursat sərf etmişdi. Halbuki... radikal təşkilatlar silaha baxmayaraq, gücləndilər. Deməli, burada böyük bir yanlışlıq vardı.
İŞİD terroru hazırda dəhşətli ölçüdədir. Amma İŞİD terroruna qarşı yenə də səhv üsul tətbiq olunur. Qərb ölkələrinin region ölkələri ilə ittifaqı yenə silahı ön plana çıxardı. Yenə hava bombardmanları, hərbi təlim, silahlanma... Sanki son iyirmi ildir radikal təşkilatlara qarşı hücumlarla güclənməmiş kimi, yenə eyni üsullar gündəmə gətirildi.
Şablon təhlillər də gecikmədi. İŞİD-ə qatılanların psixoloji problemlərdən, ailələrin dolanışıq çətinliklərindən, dəyərsiz və əhəmiyyətsiz görülməsindən qaynaqlandığı mülahizələri yürüdülməyə başlandı. Çox güman ki, İŞİD-in zavallıların toplandığı problemli və xəstə bir quruluş kimi təqdim edilməsi, insanlar üzərindəki psixoloji təzyiqin azalacağı ehtimalından irəli gəlirdi.
Əlbəttə ki, İŞİD-ə qatılan problemli insanlar var. Amma İŞİD-in tərkibində səviyyəsi və təhsili çox yüksək olan, bir neçə dil bilən, dünyanın ən yaxşı universitetlərində yetişib ictimai həyatında çox uğurlu olan şəxslər də var. Buradakı problem insanların psixoloji problemləri və ya güc arxasınca qaçmaları deyil. Buradakı problem bəzi şəxslərin iddia etdiyi şəkildə siyasi bir güc və hakimiyyət qayğısı da deyil. Bu insanlar azğın, batil və təhlükəli bir ideologiya üçün bir araya gəlmişlər. Bu qorxunc ideologiya yeganə doğru yol kimi tanıdılmış və İslam adlandırılmışdır. Ölümdən qorxmamalarının səbəbi problemli olmaları və ya kasıb bir ailədə böyümələri deyil. Bunun səbəbi, azğın bir ideologiyaya olan inanclarıdır. Problem isə inandıqları ideologiyanın səhv olmasıdır.
Problem ideologiya olduğuna görə, hədəf də ideologiya olmalıdır. Həll bu insanları ölümə qarşı qorxusuz, terrora qarşı istəkli edən fikir sisteminə yönəldilməlidir. Radikalizmin genişlənməyə başladığı 90-cı illərdən bəri silahla cavab verməyin heç bir işə yaramadığı, İŞİD kimi təşkilatların zorakılığa qarşı zorakılıq siyasətinin dəhşətli bir nəticəsi olduğu unudulmamalıdır.
Hazırda İŞİD-ə qarşı planlaşdırılan hava bombardmanları radikalizm bəlasını daha da gücləndirməkdən başqa bir nəticə verməyəcək, daha çox məzlum müsəlmanın şəhid olması ilə nəticələnəcək, Qərb düşmənçiliyini artıraraq radikallara yeni havadarlar yaradacaq. Qərb dövlətləri öz ölkələrindən İŞİD-ə qatılanları əngəlləməyə çalışır və sərhəd keçidlərini nəzarət altına almağa çalışır. Əlbəttə ki, sərhəd keçidlərinə nəzarət edilməlidir. Lakin Qərb bunun qarşısını sərhədləri bağlayaraq ala bilməyəcək. Bu şəxslər bu dəfə aktlarını öz ölkələrində həyata keçirməkdən çəkinməyəcəklər. Bu, lənət etdiyimiz və əsla istəmədiyimiz bir haldır. Amma əgər yanlış ideologiya hədəflənməzsə, bu insanların qarşısı sadəcə texniki tədbirlərlə alınsa, bunun qaçınılmaz nəticəsi belə olacaqdır.
İŞİD və İŞİD-in təmsil etdiyi radikallıq yalnız və yalnız fikirlə məğlub edilə bilər. Bu insanlara yanlış bir İslam anlayışı içində olduqları Qurandan dəlillərlə göstərilməlidir. Quranda vəhşiliyin olmadığı, zorlama, təzyiq, nifrətin olmadığı isbat edilməlidir. Bu adamların sosial şəbəkələrdən istifadə edərək dünyanın hər tərəfinə çatdıqları və fikirlərini ən təsirli şəkildə yaydıqları məlumdur. Bu gün Avstraliyadan, İndoneziyadan tərəfdar toplamaları da təsadüf deyil. Bu vəziyyət, rabitə sisteminin təlim və təlqin baxımından nə qədər güclü olduğunun isbatıdır. Ona görə, bu metod məhz bu adamlara Qurandan dəlillərlə göstərilməsi və radikalizmin saxtalığının sübut edilməsi üçün istifadə edilməlidir. Qərb dövlətləri məhz bu təlim siyasəti çərçivəsində bir araya gəlməli və imkanlarını ideoloji mübarizə üçün səfərbər etməlidir. Bu mövzuda Quranı rəhbər etmiş müsəlmanlarla ittifaqda olmalıdırlar.
Radikalizm zarafat deyil. Hazırda həmişəkindən daha güclü və beynəlxalq hala gəlmiş vəziyyətdədir. Yaxın Şərqi qarışdırmaq, silah sektorunu canlandırmaq bəzi mentalitetlərin gözləntisi ola bilər. Lakin Qərb ölkələrinin qapısına söykənib, bu bəladan həqiqətən çıxış yolu axtaranlar varsa və həqiqətən təhlükənin miqyasını başa düşüblərsə, ideoloji mübarizədən başqa bir həllin olmadığını da görməlidirlər. Çox vaxt itirilib, yenə eyni xətaya düşülməməlidir.
Harun Yəhyanın Pakistanın İngiliscə buraxılan qəzeti "The FrontierPost"-da yayımlanan məqaləsi.