İŞİD, radikalizm və əks-təlim

Son zamanlar Yaxın Şərqlə bağlı məsələlərdə İŞİD-in adı tez-tez eşidilir.

ABŞ və Aİ İŞİD-i "terrorizm" siyahısında ən birinci olaraq sıraladığı halda, İŞİD özünü bütün İslam dünyasında qanuni əsaslarla fəaliyyət göstərən yeganə dövlət, liderlərini isə müsəlmanların xəlifəsi olaraq göstərir. Mosuldan Rakkaya qədər uzanan bir sahədə tez-tez öz hakimiyyətini gücləndirən İŞİD ilk mərhələdə İraq, Suriya, Fələstin və İordaniya torpaqlarını əhatə edən geniş bir ərazidə özünün inandığı Qurandan kənar radikal din anlayışına əsaslanan bir dövlət qurmağı planlayır.

İŞİD-in Suriyada 6-7 min, İraqda isə 10 mindən çox silahlı əsgəri olduğu təxmin edilir. Ancaq işin əsl qəribə tərəfi odur ki, təşkilatın bu üzvləri yalnız Yaxın Şərq xalqlarından ibarət deyil. İngiltərə, Fransa, Almaniya, Hollandiya, Belçika və digər Avropa ölkələri ilə yanaşı, Afrika, Ərəb dünyası, İndoneziya, Avstraliya, ABŞ və Kanada kimi ölkələrdən axın-axın İŞİD-ə qoşulan, hələ də qoşulmağa davam edən və ilk fürsətdə qoşulmağı planlaşdıran on minlərlə döyüşçü var.

Bəs dünyanın digər ucundakı insanları rahat, dinc həyatlarını tərk edərək Yaxın Şərqdəki qan və atəş dənizinin içinə çəkən nədir?

Bu vəziyyət təkcə İŞİD-lə məhdudlaşmır. Bugün Orta Asiyadan Qafqaza, Afrikadan Balkanlara və Avropaya, oradan isə ABŞ-a qədər uzanan çox geniş bir ərazidə radikal təşkilatlarla və həmin təşkilatlara bağlı müxtəlif dəstələrlə qarşılaşmaq mümkündür.

Radikalizmin bu qədər fərqli mədəniyyət və fərqli ərazilərdə tərəfdar toplamasının tək səbəbi isə dini bilgisi olmayan cahil və hadisələrə ağılla yox, emosional yanaşan insanlara keçdikləri təlim, onları razı salma və təlqin metodlarıdır. Radikal təşkilatlar internet və kütləvi informasiya vasitələri ilə də tez-tez insanlara müraciət edərək onlara təlimlər keçir və təbliğat aparırlar.

Buna görə də radikalizmə qarşı artıq hərbi və silahlı mübarizələrlə yox, fərqli bir üsulla mübarizə aparılmalıdır.

Belə ki, Qərbin ən məşhur ideya və strategiyalarına sahib quruluşları, "Think- Tank" ləri, siyasi müşavirləri hərbi strategiyalar yaratmaqdan başqa bir həll yolu tapmadılar. Daha doğrusu kütləvi qırğın törətməkdən başqa bir həll yolu ola biləcəyi ağıllarına belə gəlmədi. Radikalizm kimi sosioloji hadisələrin artmasına səbəb olan inanclar və ideoloji amillər hər zaman qulaqardına vuruldu.

Bugün də bir çox strateji müşavir və analitiklər İŞİD-ə qarşı yeganə həll yolunun yalnız ABŞ əsgərlərinin iştirak edəcəyi quru hərəkatı olacağı fikrini başda ABŞ hökuməti olmaqla, Qərb hökumətlərinə qəbul etdirməyə çalışır.

Halbuki bugünə qədərki təcrübələr gözlənilən nəticənin əksinə, əsgər, silah və şiddətə əsaslanan siyasətlərin radikalizmin daha da güclənib, daha çox tərəfdar toplayıb, daha geniş bir bölgəyə yayılmasına səbəb olduğunu sübut edir. ABŞ və Qərbdəki qüvvələrin Əfqanıstan, İraq, Somali, Liviya kimi ölkələrdəki hərbi əməliyyatları əl-Qaidə, əl-Şəbab, İŞİD kimi radikal ünsürlərin daha da artaraq və daha geniş ərazilərə yayılaraq böyük təhdid qüvvəsinə çevrilmələrinə səbəb oldu.

İŞİD-in hakim olduğu bölgələrdə yaşayan insanlara qarşı etdiyi amansız hərəkətləri, günahkar elan etdiyi şəxsləri baş kəsmək, yandırmaq, yüksək binalardan aşağı atmaq, ya da daşlamaq kimi ən vəhşi üsullarla qətlə yetirmələri onların düşünüldüyü kimi sadist zövqləri olan psixopat olmasından irəli gəlmir. Onlar Qurana yox, xurafata əsaslanan ənənəvi ortodoks dinin tələblərinin yerinə yetirilməli olduğuna inanırlar. Etdikləri hər şey də məhz bu inanclarının nəticələridir.

Belə ki, "The Atlantic Monthly Group"un köməkçi redaktoru Qrem Vud 2015-ci ilin mart ayında yazdığı "İŞİD əslində nə istəyir" adlı məqaləsində bu gerçək haqqında bele yazıb:

"İŞİD bəsit psixopatlar qrupu deyil. İŞİD, tələblərini çox diqqətlə yerinə yetirməyə çalışdıqları bir inanca sahib olan dini qrupdur... Maskalı cinayətkarlar "Allah’u Əkbər" deyərək dindən çıxmış bir insanın başını kəsərkən, bəzən bunu həqiqətən də tamamilə dini səbəblərə əsaslanaraq edirlər."

Vud həmin məqalədə İŞİD-in bütün əhli sünnət dünyasının dini istinad olaraq qəbul etdiyi ortaq ənənəvi mənbələrə tabe olduğunu, onlardan tək fərqinin isə həmin mənbələrə daha ciddi yanaşaraq orada yazılanları dəqiqliklə tətbiq etməyə çalışdıqlarını bu cür ifadə edir:

"Bu mətnləri (ənənəvi dini qaynaqları) yalnız İslam Dövləti deyil, bütün sünni müsəlmanlar da qəbul edir... Burada təəccüblü olan həmin qaynaqlarda yazılanlara yalnız əməl etmələri deyil, eyni zamanda bu mətnləri oxumalarındakı qətiyyətləridir."-deyir Haykel (Bernard Haykel, Princeton Universitetində mühazirəçi, İŞİD eksperti). "Bu mövzuda müsəlmanlar normalda olduqlarından daha diqqətli və olduqca ciddidirlər" (Graeme Wood, "The Atlantic Monthly Group" -un köməkçi redaktoru; "What ISIS Realy Wants"; Mart 2015; http://www.theatlantic.com/features/archive/2015/02/what-isis-really-wants/384980/)

Qısası, İŞİD yalnızca Səudiyyə Ərəbistanda, Qətərdə, Küveytdə, BƏƏ-də, İordaniyada, Fələstində Əfqanıstanda, Misirdə, İndoneziyada, Türkiyədə, Yəməndə... və qısa müddətdə İslam aləmində yayımlanan və Quranla yanaşı, İslamın əsası olaraq qəbul edilən qaynaqlarda bildirilən, amma əslində Qurana tamamilə zidd olan "saqqalını bir səbəb olmadan kəsənin", "heç bir səbəbi olmadan namazı tərk edənin", "dinindən dönənin"... və s. buna bənzər bir çox hərəkət edənin boyunlarının vurulması haqqında verdiyi hökmlərini çox diqqətlə tətbiq edir.

İşin ən maraqlı cəhəti odur ki, İŞİD-ə qarşı olduqca mənfi münasibəti olan Səudiyyə Ərəbistanı, Küveyt, BƏƏ, Qətər, İordaniya kimi bir çox ərəb ölkələri İŞİD-lə eyni ənənəvi ortodoks İslam anlayışını müdafiə edir və dövlət siyasəti olaraq həmin İslam anlayışındakı qaydaları tətbiq edirlər.

Səudiyyə Ərəbistandakı analist al-Shaalanın paylaşdığı bir tvit qeyd edilən ziddiyyəti çox təəccüblü bir şəkildə aşkar edir: "(İŞİD) bizim məktəblərdəki tədris proqramlarında öyrəndiklərimizi əyani surətdə icra edir. Əgər tədris proqramı doğrudursa, İŞİD haqlıdır, əgər doğru deyilsə, onda kim buna cavabdehdir?"

Belə ki, radikalizimin əsası olan və bütün İslam aləmini bir-birinə qatan, Qurandan kənar ənənəvi xurafatçı İslam anlayışını görməzlikdən gəlib, təkcə İŞİD-i küfrlə günahlandırmaq səmimi və düzgün bir yanaşma olmaz. Amma dinin təməli və yeganə qaynağı olan Quranın hökmlərini qulaqardına vuraraq İŞİD-in vəhşiliklə törətdiyi qətliamların əsasında dayanan ortodoks xurafatçıdin anlayışını qəbul edən İslam dünyası özünə də nəzər yetirməlidir.

Nəticədə Qurana tamamilə zidd olan ənənəvi qaynaqlardakı saxta hədis və hökmlərə, təhrif olunmuş açıqlama və qanunlara, xurafatlara əsaslanan yanlış İslam anlayışından qaynaqlanan terror, şiddət və cinayətlərin bitməsinin tək yolu Qurana əsaslanan gerçək İslamın bütün İslam aləminə ən gözəl şəkildə izah edilməsi, yanlış inanc və anlayışların Quranın işığı və rəhbərliyi altında düzəldilməsidir.

Adnan Oktarın New Straits Times'da yayımlanan məqaləsi

© 2016 BU SAYT HARUN YƏHYANIN ƏSƏRLƏRİ ƏSASINDA HAZIRLANIB