Narkotik alveri deyiləndə Meksika Birləşmiş Ştatları ağla ilk gələn ölkələrdən biridir. Dünya ictimaiyyətində ölkənin adı narkotik kartelləri, cinayətkarlıq, adam oğurluğu, qəsbkarlıq, rüşvət və silah qaçaqmalçılığı kimi cinayətlərlə anılır.
Narkotik mafiyasının dövlət idarəçiliyinə və siyasətinə çox güclü təsirinə görə Meksika, Kolumbiya və Peru kimi ölkələr amerikalılar tərəfindən "narko-demokratiyası" kimi tanınır. Bu ölkələrdə kartellər "kölgə hakimiyyətlər" adlanır.
NARKOTİK KARTELLƏR ŞTATLƏRI ƏLƏ KEÇİRİB
31 ştat və bir federal bölgədən ibarət olan Meksikada, demək olar ki, hər ştat narkotik kartellərinin əlindədir. Bir çox ştatda narkotik kartellər arasında daha güclü olmaq uğrunda mübarizə gedir.
Ölkədəki narkotik kartellərinin əmrində təxminən 200 min nəfər çalışır. Eyni zamanda, Amerikadan silah qaçaqmalçılığı işləri ilə də məşğul olan bu kartellər ölkədə hegemonluq etməkdə davam edirlər. Meksika mafiyasının digər ölkə mafiyalarından fərqi budur ki, onlar zirehli maşınlara, vertolyotlara, ordu içindən generallara, silahlı qüvvələrə malikdir. Türkiyədəki separatçı terror təşkilatı PKK kimi bu kartellər də ştatlarda məhkəmə və vergi sistemləri yaradıblar. Dövlət içində dövlətə çevriliblər.
ABŞ, Böyük Britaniya və Avropa ölkələrini də əhatə edən Sinola karteli ən böyük narkotik ticarəti ilə məşğul olan şəbəkələrdən biridir. Meksikada 17 ştatda fəaliyyət göstərən kartelin yalnız 2008-2012-ci illərdə Çiuaua (Chihuahua) ştatının ABŞ sərhədindəki Xuares (Juarez) şəhərini ələ keçirmək üçün öldürdüyü insan sayı 10 mindir. Buna görə də şəhər "dünyanın cinayət paytaxtı" adlanır. Bundan başqa, 11 ştatda fəaliyyət göstərən Zeta karteli isə 1999-cu ildə narkotik işinə başlayaraq yaranır. Kartel ABŞ hökuməti tərəfindən "Meksikadakı texnoloji cəhətdən ən inkişaf etmiş və təhlükəli kartel" kimi səciyyələndirilir. Meksika bunun kimi irili-xırdalı onlarla cinayət şəbəkəsinin nəzarəti altındadır. Bu gücün arxasında, heç şübhəsiz ki, siyasətçilər, məhkəmə, media və əsgərlər durur. İŞİD-in vəhşi zorakılıq üsullarından olan başkəsmə dünya miqyasında böyük əks-səda yaratdığı halda, meksikalı narkotik kartellərinin gözdağı vermək üçün tətbiq etdikləri başkəsmə, dəri soyma kimi amansız zorakılıq halları dünya gündəmində artıq xatırlanmır.
Meksika 2014-cü il sentyabr ayında 43 tələbənin qaçırılması və noyabr ayında onların öldürülməsi ilə dünya ictimaiyyətində günlərcə yer aldı. Meksika Baş Prokurorluğu bildirmişdi ki, Qerrero (Guerrero) ştatının İqula şəhərindən keçərkən fasilə verən tələbələr əvvəlcə nəzarətə alınmış, sonra da bu tələbələr ştat bələdiyyə sədrinin həyat yoldaşı tərəfindən narkotik kartelinə təslim edilmişdir. İttihamnaməyə görə ştatın "birinci xanımı” hər ay müntəzəm olaraq rüşvət verdiyi narkotik kartelindən ona qarşı çıxan tələbələrə qarşı dərs verməsini istəyib. Nəticədə, 43 tələbə qətlə yetirildi. Ciddi etirazlar ölkə miqyasına yayılandan sonra rəsmilər ilk öncə 22 polisi, ardınca da bələdiyyə sədri Abarcayı nəzarət altına aldı.
Bunun kimi hadisələr ayrı-ayrı konqres və konstitusiyalara sahib ştatlərın idarə etmə sistemində çətinliklər yaradır. Ştatlarda seçki yolu ilə seçilən valilər 6 il ərzində vəzifədə qalır. Bu da narkotik kartellərinin işinə yarayan başqa bir vəziyyətdir. Dövlət qurumlarını ələ keçirən mafiya üçün güclü rəhbərləri istifadə etmək çox mühüm üsuldur.
Bir tərəfdən, səlahiyyətləri geniş valilər, digər tərəfdən ştatlarda fəaliyyət göstərən muxtar bələdiyyələr ölkədə hər zaman problem yaradır. Məsələn, ölkənin cənubundakı Oaxaca ştatı 1995-ci ildən bəri müəllim həmkarlarının rəhbərlik etdiyi üsyanlarla mübarizə aparır. Ştatın 570 bələdiyyəsindən 418-si muxtariyyətə sahibdir. Ştat daxilində bu vəziyyət xalqın öz-özünü idarə etmək istəyini ortaya çıxarır və nəticə etibarı ilə üsyanlar başlayır. 2006-cı ildə üsyanları artıran başqa bir səbəb yeni valinin ərazini turizmə uyğunlaşdırmaq üçün apardığı mürtəce siyasət idi. Vali etirazları qadağan edir, ancaq bu, etirazları daha da artırırdı.
Meksikanın problemli bölgələrindən biri də silahlı Zapatista Milli Qurtuluş Ordusunun nəzarətində olan ən kasıb ştatı Çiyapasdır (Chiapas). Müstəqillik istəyəcək gücləri olmadığından daha çox imtiyaz və muxtariyyət uğrunda mübarizə aparırlar. 1994-cü ildə qiyam etdilər. Tədricən bir çox bələdiyyəni işğal etdilər. 1996-cı ildə Meksika dövləti bu qiyamları nəzərə alaraq onlarla saziş bağladı.
MEKSİKADA ZORAKILIĞIN QARŞISI ALINMIR
BBC-nin "Meksikada cinayət və zorakılıq" haqqında yayımladığı tədqiqat göstərir ki, təkcə 2013-cü ildə adam oğurluğu hallarının təxmini sayı 123,470-dir. Eyni araşdırmaya görə ölkədəki cinayət hadisələrinin 94%-nə görə cinayət işi açılmamışdır. Rəsmi məlumatlara görə 2006-cı ildən indiyə kimi "itən” insanların sayı 22,322-dir. Bu rəqəmə 2006-2012-ci illər arasında Prezident Kalderon tərəfindən başladılan narkotik kartellərə qarşı mübarizədə ölən insanların sayını da əlavə etmək lazımdır: 70 min. Ən azı bir üzvünün cinayət hadisəsinə məruz qaldığı ailə sayı 10,7 milyondur. [1]
MEKSİKADA "İMPERİALİST PREZİDENT ÜSUL-İDARƏ SİSTEMİ" VAR
Meksikada ABŞ-dan daha geniş səlahiyyətlərə malik prezident üsul-idarəsi var. Baş nazir və vitse-prezident yoxdur. Bu vəzifəyə gələn prezidentlər 6 il ərzində bu vəzifədə qalır. Mütləq səs çoxluqlu majoritar seçki sistemi zamanı ən çox səs toplayan şəxsin prezident seçilməsi sistemin ən zəif cəhətlərindən biridir.2012-ci il iyul ayında keçirilən seçkilərdə 38% səs toplayaraq Enrike Penya Nyeto qalib gəldi. Xalqın 62%-nin səsini qazanmamasına baxmayaraq, 6 il ərzində icra səlahiyyəti yalnız Nyetoda olacaq. Prezidentin nazirləri, Konstitusiya Məhkəməsi hakimlərini, Baş prokuroru, müdafiə naziri və komandirləri, səfirləri təyin etmək səlahiyyətinə malik olduğunu düşünsək, vəziyyətin necə ciddi olduğunu görəcəyik. Prezidentin səlahiyyətləri bununla da məhdud deyil. Məclisin qəbul etdiyi qanunlara, hətta büdcəyə veto qoya bilər, məclisə qanun layihəsi təqdim edə bilər. Amerika prezidentlərində olmayan məclisə qanun layihəsi təqdim etmə səlahiyyəti Meksika prezidentində var. Bundan başqa, partiyasının deputatlarını və özündən sonra gələcək xələfini, yəni prezident namizədini də seçə bilər. Beynəlxalq sazişləri müzakirə edə bilər.
Vaşinqtonda yerləşən “İqtisadi və Siyasi Tədqiqat Mərkəzi”nin (Center for Economic and Policy Research) verdiyi məlumata görə 2006-cı ildə keçirilən seçkilərin xalqın 36%-i şəffaf keçirilmədiyini düşünür, 2012-ci ildə keçirilən seçkilər haqqında da bu fikir dəyişmir. Demək olar ki, hər seçkidə narkomaniyanın çirkli pulunun kampaniyalarda istifadə edilməsi haqqında qarşılıqlı ittihamlar səslənir.
Hətta keçmiş Meksika prezidenti Karlos Salinas dövründə (1988-1994) seçki kampaniyalarının maliyyələşdirməsində narkotik baronları əsas rol oynadığı iddia edilir. O dövr üçün Meksika Prokurorluğu bildirib ki, 30 milyard dollar çirkli pul birja və özəlləşdirilmələr vasitəsilə yuyulub. Növbəti prezident Ernosta Zedilla 1996-cı ildə verdiyi açıqlamada "Hökumətdə yer alan bəzi adamlar narkotik qaçaqmalçılarının maraqlarına xidmət edirlər" bəyanatını vermişdi.
Varlı 10-12 ailə iqtisadiyyatı əlində tutan narkotik kartellər sırasındadırlar və Meksikada güclü dəstək almaq istəyən siyasətçilər də bəzən bu sistemə daxil olurlar.
Belə şəraitdə prezidentə verilən hədsiz səlahiyyətlər Meksikadakı sistemi "İmperialist prezident üsul-idarəsinə" çevirir.
“Human Rights Watch” təşkilatından Xose Migel Vivanco Meksikadakı insan hüquqları pozuntularını "Ədalət mexanizminin işləməməsi" kimi açıqlayır. Həmçinin təşkilatın hesabatlarında bildirilir ki, ölkədəki "cinayətlər” siyasi və ictimai həyata istiqamət verən “zorakılıq vasitəsi” kimi istifadə edilir. Vivanco "Məhkəmə sistemi zəif işlədiyi üçün korrupsiya, təzyiq və təhdid halları genişlənib. Qanun pozuntuları gizlədilir. İşgəncə və cinayət halları baş alıb gedir" açıqlamalarını verərək Meksika haqqında fikirlərini yekunlaşdırır. Məhkəmə və təhlükəsizlik qüvvələrinin başında da prezidentin olması "güclər ayrılığı" əvəzinə “qüvvələr birliyi” ni meydana gətirir və ölkədəki prezident üsul-idarə sistemini demokratiyadan uzaqlaşdırır.
MEKSİKADA GƏLİR BÖLGÜSÜ ƏDALƏTSİZLİYİ
Meksika iqtisadi inkişaf cəhətdən daha çox orta və üst sinfin faydalandığı ölkələrdən biridir. İxracatının üçdə ikisi Amerikaya aparılır. Neft istehsalında dünyada yeddinci və neft ixracatçısı kimi on birinci yeri tutur. Buna baxmayaraq, 1994-cı il böhranından sonra 1995-ci ildə özəl banklar müflis olmuşdu. Amerika bu banklara kömək etmişdi, əvəzində isə Meksikanın iqtisadi siyasətində veto hüququ əldə etmişdir. Başda mis olmaqla təbii ehtiyatlarla da zəngin ölkədir, ancaq Meksikada adambaşına düşən milli gəlir 14 min dollardır.
Ölkədə gəlir bölgüsündəki bərabərsizlikdə ölkə daxilində narkotik kartellərinin çirkli pulunun da böyük rolu var. Meksika kartellərinin təkcə Amerikaya olan illik dövriyyəsinin 6,5 milyard dollar olduğu təxmin edilir. Amerikadakı narkotik bazarının 60%-lik hissəsi Meksikadan təmin olunur.
PREZİDENT ÜSUL-İDARƏSİ HƏLL YOLU DEYİL
Prezident üsul-idarəsi ilə idarə olunan Meksika, Argentina, Kolumbiya, Braziliya kimi ölkələr cinayətkarlıqla mübarizəni yalnız mafiya ilə mübarizə kimi qiymətləndirir və nəticə etibarı ilə, bu da uğursuz olur. Ağcaqanadla mübarizə aparmaq üçün bataqlığın qurudulması lazımdır. Bu da ilk növbədə cəmiyyətin maarifləndirilməsi və məlumatlandırılması, bundan sonra narkomafiyaya qarşı dünya miqyasında beynəlxalq mübarizə aparılması ilə mümkündür. Bu mübarizə zamanı da bütün xalq idarəçilərin arxasında olmalıdır. Bu birliyi təmin etmək üçün yeganə yol - sevgi siyasətidir.
Digər tərəfdən, ölkənin narko-demokratiyası və ya imperialist prezident üsul-idarəsindən uzaqlaşıb çox yüksək səviyyədə demokratiyanı mənimsəməsi və plüralizmi əsas alması cəmiyyətdəki hərc-mərcliyin qarşısını alacaqdır. Cəmiyyətdəki hər cür fikrin qanunvericilik və icra hakimiyyəti orqanları tərəfindən müdafiə edilməsi ölkədəki əmin-amanlığı artıracaqdır. Əks təqdirdə, rəhbərlərə olan inamsızlıq hissi cəmiyyəti narahat edəcəkdir.
[1] Meksika’’da Suç ve Şiddet, BBC Türkçe, https://www.youtube.com/watch?v=OR15LaXe37E