Son dövrlərdə əsas mediada Türkiyədə uzun zamandır qütbləşmənin olduğuna dair xəbərlərin sayı artmışdır. Ölkənin əsasən iki fərqli siyasi fikir ətrafında toplandığını və onların arasında uçurumun olduğuna dair iddialar yayıldı. İddialar bir mənada doğrudur, lakin qütbləşmə yalnız Türkiyənin problemi deyildir. Dünyanın bir çox ölkələrində siyasət, iqtisadiyyat, incəsənətdə bir-birindən uzaqlaşan cəmiyyətlər formalaşmışdır. Belə cəmiyyətlər arasında razılaşma, ortaq məxrəcə gəlməyə rast gəlinmir və onlar bir-birilərindən getdikcə uzaqlaşırlar. Bu hal, şübhəsiz ki, dünyanın gələcəyi üçün müsbət deyildir. Unudulmamalıdır ki, bu cür qütbləşmə ölkələrdə dünyanı fəlakətə aparmaq istəyən, narıncı inqilablar təşkil edən, Ərəb Baharı kimi üsyanlar təşkil edən bəzi qrupların işinə yarayır.
16 aprel 2016-cı il tarixdə keçirilmiş referendum bəzi siyasi şərhçilər tərəfindən Türkiyədəki qütbləşmənin nəticəsi kimi qiymətləndirilir. Xüsusilə, nəticələrin bir-birinə çox yaxın olması və iki tərəfin kəskin ifadələri bu şərhlərin verilməsinə səbəb olmuşdur. Halbuki referendumun bu cür nəticələnməsinə yalnız Türkiyədə rast gəlinmir. Bir çox demokratik Qərb ölkələri yaxın nəticələr əldə edilən seçkilər nəticəsində siyasətlərini müəyyən edirlər. Klassik siyasətin nəticəsi olaraq çox vaxt tərəflər arasında ciddi çəkişmələr baş verir. Məsələn, İngiltərənin qarşımızdakı 100 ilə təsir edəcək Breksit səsverməsi zamanı da cəmiyyət bənzər şəkildə sanki ikiyə bölünmüşdür. Referendumdan həm əvvəl, həm də sonra hər iki tərəf bir-birilərini çox ağır ifadələrlə günahlandırmışdı və referendumun nəticəsi isə sanki bərabər idi. Qaldı ki, Türkiyədən fərqli olaraq İngiltərə küçələrində kütləvi nümayişlər də keçirilmişdi. Parlamentdə və məhkəmədə qərarın dəyişdirilməsi istiqamətində etirazlar edilmişdi.
Donald Trampın qazandığı prezident seçkilərində də nəticələr fərqli olmamışdı. Klinton və Tramp arasında gedən mübarizə nəticəsində prezident ancaq səhərin erkən saatlarında müəyyən edilə bilmişdi. Xatırladaq ki, bu seçkilərdən sonra da ABŞ küçələrində günlərlə qarışıqlıq yaranmış, kütləvi nümayişlər keçirilmişdi. Amma bu nümayişlər nə İngiltərədə, nə də ABŞ-da demokratik proses olan seçkilərin nəticəsini dəyişdirməmişdi. Onsuz da dəyişdirməsi də gözlənilmirdi.
Türkiyənin qütbləşdiyi barədə təxribatlar edən bir qisim ingilis və ABŞ mediası öz ölkələrində vəziyyətin daha dəhşətli olduğunu görürlər. Lakin hansısa səbəbdən bu mövzuda Türkiyəni ön plana çıxarmaq daha çox işlərinə yarayır.
Vəziyyət digər Avropa İttifaqı ölkələrində də çox fərqli deyil. Avropa İttifaqına üzv olan bir çox ölkədə kənar partiyaların yüksəlişi və mərkəzdən uzaqlaşması sürətlə davam edir. Bu da qarşımızdakı dövrdə qütbləşmənin getdikcə daha da artacağına dəlildir.
Siyasətdə olan qütbləşməyə hərbi ittifaqlarda da rast gəlinir. Qərb blokunun əməliyyat mərkəzi NATO müxtəlif səbəblərdən davamlı hərbi qütbləşmə yaratmağa yönəlir. Rusiyaya yönələn aqressiv siyasət Rusiyanın özünü müdafiə etməsinə səbəb olur. Beləliklə, Rusiya da öz ətrafında yeni bir bloklaşma meydana gətirir. Sərt ifadələr və iqtisadi tədbirlər İranı da bu vəziyyətə salır. Çin isə hər nə qədər Qərblə iqtisadi əlaqələrdə olsa da, uzun illərdir Şərq bloku ilə birlikdə hərəkət edir. Son dövrdəki təhdidlər Türkiyəni də bu blokun içinə doğru aparır. Türkiyə isə NATO üzvü və Avropa ölkəsi olduğuna görə təktərəfli hərəkət etmir. Belə də olmalıdır. Həmçinin Türkiyə istər strateji, istərsə də mənəvi mənada qütbləşən deyil, birləşdirən xüsusiyyətini qorumaq və gücləndirmək məcburiyyətindədir. Bu niyyətlə Türkiyə yalnız Şərq və Qərb blokları ilə deyil, Yaxın Şərqlə də yaxın ittifaqda olmalıdır.
Bu bir həqiqətdir ki, cəmiyyətlərdə rast gəlinən qütbləşmə, əslində, dünya səviyyəsində yaşanan bir vəziyyətdir. Siyasətdə, idmanda, ictimai mövzularda insanlar rahat şəkildə ikiyə bölünürlər. Ən “ucqar”da və ən sərt danışan ön plana çıxır. İnsanlar bir masa ətrafında oturub minimum şərtlərlə razılaşmaq əvəzinə, istəklərini qarşı tərəfi əzərək və ya alçaldaraq qəbul etdirməyə çalışırlar. Cəmiyyətlərə sanki Hantinqtonun "mədəniyyətlərarası mübarizə" fikri kiçik miqyasda təlqin edilir. Bəzi dialektik materialistlər "əvvəl cəmiyyətlər, bir-biri ilə mübarizə aparsın, bunun nəticəsində onsuz da mədəniyyətlər də bir-biri ilə mübarizə aparacaq " məntiqi ilə hərəkət edirlər.
Bu bir hiylədir. Hər cəmiyyət və mədəniyyət bu hiylənin sirrini açmalıdır. Xüsusilə, müsəlman cəmiyyətlər bu tezisin gerçək olmadığını, cəmiyyətlərin də, mədəniyyətlərin də zidd düşərək deyil, birləşərək güclənəcəyini göstərmək məcburiyyətindədirlər.
Fədakarlıq, hörmət və birliyin olması sülh və əmin-amanlığı gətirəcək. Bizim üzərimizə düşən vəzifə isə bu dəyərləri xatırlatmaq, eqoist və təkəbbürlü zehniyyəti həyatımızdan uzaqlaşdırmaqdır.
Qütbləşməni təşviq edənlər vasitələrdən biri də sosial mediadır. Xüsusilə, saxta hesablardan yayılan təxribatlar ortalığı qarışdırmaq, insanları bir-birinə düşmən etmək və nifrət yaymaqdan başqa bir işə yaramır. Belə ki, nifrət aşılayan, heç bir əsası olmayan xəbərlər, saxta şəkil və videolar əsasında edilən təxribatı aradan qaldırmaq daha da çətinləşir. Mümkün qədər sevgi sözləri yayaraq bu saxta nifrət qaynağını müsbətə çevirməyimiz vacibdir.
Qütbləşmə sevgisizliyə əsaslanan qlobal problemdir. Bunu nə cəmiyyətlərin içərisində, nə də siyasətdə məqbul bir anlayış hesab etməməliyik. Qütbləşən tərəflər bir-birlərini sevməyi unudur və sevgi əvəzinə nifrəti ön plana çıxarırlar. Hər cəmiyyət üçün bunun cəzası olduqca böyük ola bilər. Bundan əlavə, bu zehniyyət mədəniyyətləri qarşı-qarşıya gətirmək istəyən bəzi təxribatçıların da işinə yarayır. 20-ci əsrdə 100 milyonlarla insan itkisinə səbəb olan müharibələri 21-ci əsrdə də görmək istəmiriksə, bu süni nifrət üslubuna son verməliyik. Yalnız sevgidən danışaraq, güzəştə getməyi bacararaq, qəzəbi uzaqlaşdıraraq bunu etmək bizim əlimizdədir. Əsas odur ki, onların nifrət üçün istifadə etdiyi vasitələri bizlər sevgi üçün istifadə edək.
Adnan Oktarın “Kashmir Reader” və “Riyadh Vision”da yayımlanan məqaləsi:
http://kashmirreader.com/2017/07/05/polarization-global-phenomenon-far-will-go/