Myanmada yaşananlar insanlıq əleyhinə cinayətdir

Myanmanın Arakan ştatında yaşayan Rohinca müsəlmanlarına qarşı mərhəmətsiz üsullarla həyata keçirilən etnik təmizləmə kampaniyası ərzində yaşanan qırğın, zülm, işgəncə və vəhşiliyin ölçüləri təxəyyül edilməyəcək dərəcədə dəhşətlidir.

1942-ci ildən bəri sistemli şəkildə aparılan etnik təmizləmə siyasəti nəticəsində bölgədəki 4 milyon müsəlman əhalidən sadəcə 700 min nəfər sağ qalmışdır. İndiyə kimi 3 milyon müsəlman qonşu ölkələrə köçməyə məcbur edilmiş, 100 minlərlə müsəlman şəhid edilmiş, 10 minlərlə yaşayış məntəqəsi yandırılaraq məhv edilmiş, 10 minlərlə qadın təcavüzə məruz qalmış, yüzlərlə məscid və mədrəsə dağıdılmışdır. Minlərlə müsəlmanın həbs edildiyi və işgəncəyə məruz qaldığı məlumdur, ancaq onların aqibətinin necə olduğu naməlumdur.

Son illərdə Banqladeş hökuməti qaçqınlara sığınacaq vermədiyindən bu ölkəyə gəlmək istəyən yüzlərlə müsəlman sərhəddəki çay və dənizlərdə boğularaq ölmüşdür. Bu da ölkəni tamamilə müsəlmanlardan təmizləmək istəyən Myanma rejiminə əlverişli zəmin yaradır.

2012-ci ilin iyun ayında yenidən şiddətlənən hücumlar zamanı 300-dən çox müsəlman kəndi (məscid və mədrəsələr də daxil olmaqla) yandırıldı. Bu kəndlərdə yaşayan müsəlman qardaşlarımız evlərində diri-diri yandırıldılar. Müstəqil insan hüquqları təşkilatlarının verdiyi məlumata görə, təkcə 2012-ci ilin iyun ayında bölgədə 1000 müsəlman vəhşicəsinə şəhid edilmiş, 125 min insan öz evlərindən və kəndlərindən zorla sürgün edilərək meşələrdə yaşamaq məcburiyyətində qalmışdır.

Bir neçə ay əvvəl İnsan Haqları İzləmə Təşkilatı (HRW) arakanlı müsəlmanlara qarşı törədilən insanlıq əleyhinə cinayətlər barədə 153 səhifəlik hesabat hazırladı. Təşkilat hesabatda myanmalı səlahiyyətliləri Arakandakı müsəlmanlara qarşı apardığı etnik təmizləmə siyasətində günahlandırırdı. BMT-nin bəyanatına əsasən isə arakanlı müsəlmanlar dünyada ən çox zülmə məruz qalan ictimai qrupdur.

Myanma rejimi şiddət və terror aktları ilə əlaqəsinin olmadığını göstərməyə çalışır. Rejim hücumlara göz yumaraq, müsəlmanlara humanitar yardımın çatdırılmasının qarşısını alaraq, səyahət etmələrini, insan kimi yaşamalarını məhdudlaşdıraraq və təcavüzkarları müdafiə edərək bu soyqırımı dəstəkləyir.

Bundan əlavə, dövlətin müsəlmanlar üzərində sanksiyaları tamamilə insanlığa ziddir: rohincalı müsəlmanlar vətəndaşlıq hüquqlarından məhrumdurlar və dövlətin imkanlarından faydalana bilmirlər. Dövlət və özəl müəssisələrdə pulsuz işlədilirlər. Dövlət qulluğunda işləmək və ali təhsil almaq hüquqları yoxdur.

Müsəlmanlar bir kənddən digərinə getmək üçün belə dövlətə vergi ödəməlidirlər. Polisin icazəsi olmadan qohumları və ya qonşuları ziyarət etmək, saat 21:00-dan etibarən küçəyə çıxmaq qadağandır.

Müsəlmanlara beton ev tikmək qadağandır, onlar ancaq taxtadan ev tikə bilərlər. Bu evlərin mülkiyyəti də dövlətə məxsusdur. Onlara ev və ya cib telefonu, hətta motorlu nəqliyyat vasitəsinə sahib olmaq da qadağandır.

Cinayət zamanı özlərini müdafiə etmək hüquqları yoxdur, dərhal həbs edilirlər. Polis və ya əsgər heç bir sənəd göstərmədən onların evlərinə basqın edə bilər, özbaşına (heç bir səbəb göstərmədən) həbs edə bilər.

1962-2011-ci illər arasında hərbi cunta tərəfindən idarə edilən Myanmada müsəlmanların aradan qaldırılması sanki dövlət siyasətinə çevrilmişdir. Ardınca geniş fırıldaqçılıqla seçkilərdə üstünlük qazanan kommunist hərbi cuntanın nəzarəti altında guya demokratik rəhbərlik iqtidara gəldi. Nəticədə, həmin hərbi cunta kukla hökumət vasitəsilə eyni siyasəti davam etdirir. Məqsəd müsəlman əhalini məhv edərək və ya sürgün edərək tamamilə aradan qaldırmaqdır.

Arakanda müsəlmanlara edilən zülm bu günə kimi fanat buddislər tərəfindən həyata keçirilən etnik münaqişə kimi təsvir edilmişdir. Halbuki, buddistlər insan öldürməkdən çox çəkinən, sadə, itaətkar və sülhsevər insanlardır. Əsl günahkarlar isə özünü buddist kimi göstərən, kommunist dövlətə bağlı silahlı dəstələr və terror təşkilatlarıdır. Daha əvvəlki şiddət və qırğınları "Lion Thein" adlı terror təşkilatı öhdəsinə götürdüyü halda, yeni başlayan şiddət hadisələrini "969 Hərəkatı" adlanan terror qrupu boynuna götürmüşdür.

Ümumiyyətlə, bu dəstələrin üzvləri Tayland və Çinin kommunist təlimi almış Myanma xadimlərindən ibarətdir. Myanmadakı hadisələrin pərdə arxasında Şərqi Türküstanda müsəlmanlara qarşı etnik təmizləmə siyasəti aparan, Myanmanın yaxın dost və müttəfiqi olan kommunist Çinin olduğu ehtimal edilir. Çünki Myanma zəngin yeraltı sərvətlərə, neft ehtiyatlarına və enerji qaynaqlarına malik olan Yaxın Şərqin keçid nöqtəsində yerləşir. Çin üçün də bu ərazi olduqca əhəmiyyətlidir. Aydındır ki, kommunist Çin belə bir ölkədə müsəlmanların söz sahibi olmasını istəmir.

Dünyanın hər tərəfində müsəlmanların başına gələn zülm, zorakılıq və qırğınlara bir çox ölkə hər zaman necə tamaşa edirsə, Arakan üçün də vəziyyət eyni cürdür. Müsəlmanlar "İnkar edənlər bir-birlərinin dostlarıdır. Əgər siz bunu etməsəniz (bir-birinizə kömək etməz və dost olmasanız) yer üzündə böyük bir fitnə-fəsad olar. "(Ənfal surəsi, 73), "Və haqlarına təcavüz edildiyi zaman, birlik olub qarşı qoyanlardır." (Şura surəsi, 39) ayələrinin hökmünü yerinə yetirib birləşmədikcə, bu zülmlər sona çatmayacaq.

Müsəlmanların birləşib tək bir bədən kimi hərəkət etmələrini istəməyən, lazımsız hesab edən, ya da passiv və bitərəf qalan şəxslər isə çəkilən bu zülmlərin, yaşanan bu əzabların, tökülən müsəlman qanlarının vicdani məsuliyyətini boyunlarına götürmək məcburiyyətində qalacaqlar.

Cənab Adnan Oktarın Harakah Daily-də nəşr olunan yazısı:

http://en.harakahdaily.net/index.php/articles/analysis-a-opinion/8322-events-in-myanmar-are-crime-against-humanity-.html

© 2016 BU SAYT HARUN YƏHYANIN ƏSƏRLƏRİ ƏSASINDA HAZIRLANIB