Bu aralar ABŞ və Avropadakı müsəlmanlar arasında "Övladlarımızın İŞİD-ə qoşulmasının qarşısını necə alacağıq?" sualı gündəmdədir. Avropa ölkələrinin hal-hazırda bu məsələyə qarşı təhlükəsizlik tədbirlərinə başladığı müşahidə olunur.
Qruplaşmaya qoşulanların əksəriyyətinin Türkiyədən keçib getdiyi məlum olanda qərb mətbuatında Türkiyəni günahlandıran bir çox xəbər yer aldı.1 Lakin Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasının Xüsusi İclasında ‘Risk Təhlil Mərkəzləri’ tərəfındən hazırlanan ‘Avrupalı Döyüşçülər’ sənədi ilə cavab verdi. Buna görə Türkiyə İŞİD-ə qoşulmaq üçün ölkəsinə gələn min nəfəri ölkədən çıxartmışdı.2 Hətta Türkiyə Müdafiə Nazirliyi ötən fevral ayında İŞİD-ə qoşulmaq üçün Türkiyədən Suriyaya keçməyə cəhd edən, biri Türkiyə vətəndaşı olmaqla 14 nəfərin saxlanıldığını açıqlamışdı.3
Türkiyə Avropadan qoşulanların qarşısını almaq üçün həmin ölkələrin də üzərinə məsuliyyət götürməli olduğunu bildirdikdən sonra sərhəd keçid məntəqələrindəki nəzarətlər artırıldı. Ancaq görülən tədbirlərdən sonra da 3 ingilis qızın yenə Türkiyədən keçərək Suriyaya getdiyinin məlum olması4 təhlükəsizlik tədbirlərinin tək başına kifayət etmədiyini göstərdi.
Bu problemlə mübarizə apara bilmək üçün ilk öncə məsələnin mənbəyini bilmək çox vacibdir. Gəncləri İŞİD-ə yönləndirən əsas səbəblərdən biri bu gənclərin yaşadıqları ölkələrin həyat şəraiti və keçmişi ilə bağlıdır.
Avropalı müsəlmanların əksəriyyəti ölkələrində onlara qarşı ikinci sinif insan münasibəti göstərildiyinə inanırlar. Bu insanlar yaşadıqları ölkənin ümumi rifahından istifadə edə bilmir. Bir çoxu Fransada olduğu kimi şəhərlərin qıraq məhəllələrində yaşayırlar.
BBC-nin internet səhifəsində yayımlanan “Parisin baş ucundakı ayrı dünyanın insanları” başlıqlı tədqiqat yazısında müəllif Henri Astier Fransada müsəlmanlara laqeyd davranıldığı və özlərini unudulmuş hiss etdiklərini bildirir. Eyni yazıda vəzifə bölgüsündə ayrı-seçkiliyin davam etdiyi və polisin müsəlman əsilli mühacirlərə pis münasibət göstərdiyi də qeyd edilmişdir.5
Bu çatışmazlıqlara hökumətin yanlış qanun düzəlişləri də əlavə edilincə unudulmaq hissi daha da güclənir. Fransada uşaq evlərində işləyən, hətta evlərdə başqalarının uşaqlarına baxan müsəlmanların baş örtüyü istifadəsinin qadağan edilməsi bu cür tənzimləmələrdən yalnızca biridir. Radikalizmlə mübarizədə hüquqi tənzimləmələrin istifadə edilməsi çox təbiidir, ancaq bu tətbiq edilənlərin nəticələrini çox yaxşı düşünmək lazımdır.
Avropa ölkələrində məscidlərə edilən hücumlar6 və ya Almaniyadakı NSU təşkilatının törətdiyi “dönərçi cinayətləri”7 və PEGİDA kimi hərəkatlar Avropadakı müsəlmanlarda radikallaşmaya meyilliliyi artırır.
Bəzi müsəlmanları İŞİD-ə yönəldən səbəblərdən biri də keçmişdə baş verən hadisələrdir. Məlumdur ki, Fransa bir çox müsəlman ölkəsini istismar etmiş və uzun illər boyunca avtoritar rejimlə əsarət altında saxlamışdır. Bu gün Fransa ordusu Əlcəzairin yeddi il davam edən azadlıq mübarizəsi ərəfəsində müstəqillik hərəkatını dayandırmaq üçün çoxlu qətliam törətməklə və işgəncəyə əl atmaqla günahlandırılır. Prezident Fransua Oland Fransanın bu zülmündən bəhs edən çıxışına baxmayaraq, üzr istəməyi vacib hesab etməmişdi.8 Eyni vəziyyəti İraq, Əfqanıstan və Suriyada baş verən hadisələrdə də görmək mümkündür.
ABŞ kimyəvi silah istehsalını səbəb göstərərək İraqa hücum etmiş, bu səbəbin doğru olmadığı məlum olanda9 isə müharibənin əsasının İraqa azadlıq və demokratiya gətirmək olduğunu elan etmişdi.10 Halbuki İraqa azadlıq və demokratiya deyil, yalnızca ölüm gəldi.
BBC 16 sentyabr 2013-cü ildə yayımladığı xəbərdə İraq, ABŞ və Kanada universitetlərinin birlikdə apardıqları araşdırmanın nəticəsini açıqladı. Bu araşdırmaya görə 2003-2011-ci illər arasında müharibə səbəbi ilə dörd yüz mindən çox vətəndaş həyatını itirmişdir11 İraqı işğal edən ABŞ ordusunun komandiri general Tommi Rey Franksın “Cəsədləri saymırıq (We don’t do body counts)” sözü ABŞ-ın vətəndaşların ölümü qarşısındakı laqeydliyinin nümunəsi oldu.12
ABŞ və Avropa ölkələri öz vətəndaşlarına qarşı bir təhdid olduqda başqa bir ölkəni də bombalamaq, dağıtmaq, qətliamlar törətməkdə bir problem görmür. İŞİD isə bütün bunlar qarşısında “hücumlara qarşı İslamı biz müdafiə edirik” şəklindəki təbliğatla tərəfdar yığır.
İŞİD-in müsəlmanlara cəlbedici görünməyinə səbəb kimi, nə qədər də qərb mətbuatında döyüşçülərə aylıq 1500 dollar verilməsi göstərilsə də, başqa daha effektli səbəblər vardır. İŞİD etdiklərinə müsəlmanlar tərəfindən mötəbər hesab edilən əsərləri istinad olaraq göstərir. Bu əsərlər bəzi İslam alimlərinə aid olduğu iddia edilən, ancaq çox sayda xurafatlara əsaslanan sözlərdən ibarətdir. İŞİD bir çox müsəlmanın bunları etməyə cəsarət göstərmədiyini, lakin özlərinin bunu bacardığını iddia edir.
İslam və Quran haqqında məlumatı az və ya yanlış olan insanlar İŞİD-in anlatdıqlarına inanır və İslamın həqiqətindən də qan tökməyi təşviq etdiyini, qadınları dəyərsiz gördüyünü, elm və incəsənəti rədd etdiyini düşünür. Halbuki bunların hamısı müsəlmanların müqəddəs kitabı Quranla tamamilə ziddir. Quranda müsəlmanların bağışlayıcı olması, elmlə məşğul olması və qadınları üstün tutaraq onlara qarşı şəfqətli və qoruyucu olması istənilir. Lakin müsəlmanların əksəriyyəti Quranı tərk edərək xurafatları doğru yol zənn etdikləri üçün bunlardan xəbərsizdirlər.
Belə bir vəziyyətdə əsas nə edilməlidir? İlk öncə müsəlmanları zorlayıcı və təzyiq altına salan hüquqi tənzimləmələrin mənfi təsiri olduğu qəbul edilməlidir. Avropalı müsəlmanların ictimai və iqtisadi vəziyyəti yaxşılaşdırılmalıdır. İslamın radikalizm mənasını vermədiyi, buna görə də müsəlmanların hazır terrorist kimi dəyərləndirilməməsi qeyd edilməlidir. Müsəlmanlara ikinci dərəcəli vətəndaş kimi münasibət göstərilməsinin qarşısı alınmalı, bunun üçün hüquqi tənzimləmələr yerinə yetirilməlidir.
Bunlar ilkin olaraq görülməli olan tədbirlərdir. Əsil lazım olan isə fanatik İslam anlayışının sahib olduğu dəyərlərin Qurana uyğun olmadığının izah edilməsi, geniş və sürətli təhsil siyasətinə baş vurulmasıdır. Qərb hökumətləri İslam təhsili verən təşkilatlarda xurafatlardan təmizlənmiş, qısası, yalnızca Qurana əsaslanan təhsili əsas götürməli, digər insanlara da Qurandakı İslamın radikalizmlə heç bir şəkildə uyğunlaşmadığını izah etməlidir. Bu yalnız radikalizm təhlükəsini aradan qaldırmayacaq, eyni zamanda Avropada yaşayan müsəlman ictimaiyyəti mükəmməl dərəcədə sülhsevər, demokratik, dünyəvi və sənətkar insanlara çevirəcəkdir. Radikalizmin və terrorist qrupların güclənməsinin qarşısını almağın yeganə yolu budur. Əgər bütün bunlar diqqətə alınmaz və bilinən, nəticə verməyən siyasi üsullar üzərində təkid edilərsə, İŞİD-ə qoşulanlar və Avropadakı terror aktları daha da artacaq və radikalizm daha da qidalanacaqdır.
Mənbə:
1. http://www.sabah.com.tr/dunya/2015/02/26/camerona-uc-kiz-elestirisi
2. http://www.bbc.com/news/world-europe-17425269
3. http://www.euronews.com/2014/12/25/sweden-mosque-attack-injures-5-people-amid-immigration-debate/
5. http://www.bbc.com/news/world-europe-20795750
6. http://edition.cnn.com/2003/US/03/07/sprj.irq.un.transcript.blix/index.html
7. http://www.cbsnews.com/news/bush-sought-way-to-invade-iraq/
8. https://www.iraqbodycount.org/
9. http://www.bbc.com/news/world-middle-east-24547256
Adnan Oktarın Eurasia Review-da yayımlanan məqaləsi: